Serebralders.az saytı və mobil tətbiqinin təqdimatı keçirilib (www.report.az)

343

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sifarişi ilə hazırlanmış www.serebralders.az veb səhifəsi və mobil tətbiqinin təqdimatı keçirilib.

"Report" xəbər verir ki, serebral iflic xəstəliyi olan uşaqların valideynlərinə evdə uşaqlarının reabilitasiyasına dəstək verə bilmələri üçün 50 videodərs hazırlanaraq www.serebralders.az veb səhifəsində və mobil tətbiqdə yerləşdirilib.

Tədbirdə Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov, Elm və Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

V.Behbudov həssas əhali qrupları ilə bağlı davamlı olaraq layihələr həyata keçirildiyini qeyd edib. Bu layihələrin mühüm bir istiqamətinin də 18 yaşınadək əlilliyi olan şəxslərin sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyasının dəstəklənməsinə yönəldiyini bildirib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib ki, sözügedən veb səhifənin tətbiqi həm valideynlərə, həm serebral iflic xəstəliyindən əziyyət çəkən uşaqların inkişafına, eyni zamanda onların cəmiyyətə inteqrasiyasına, həmçinin rəqəmsal inkişafına müsbət təsir göstərəcək.

Qeyd olunub ki, təqdim edilən www.serebralders.az veb səhifəsi və xüsusi mobil tətbiqi də serebral iflic xəstəliyindən əziyyət çəkən uşaqların valideynlərinə, onların bacarıqlarının artırılmasına, bu istiqamətdə elektron resurslardan istifadənin genişlənməsinə dəstək məqsədi daşıyır.

Nevroloq, pediatr, fizioterapevt, psixoloq, loqoped və digər mütəxəssislərin iştirakı ilə hazırlanan bu videodərslərdə valideynlərə serebral iflici olan uşaqların fiziki və zehni inkişafı, onlara qayğı və qulluq, ilkin yardım üçün ev şəraitində görüləcək tədbirlərə dair bilik və bacarıqlar öyrədilir.

https://report.az/sosial-mudafie/serebralders-az-sayti-ve-mobil-tetbiqinin-teqdimati-kecirilib/