"Serebralders.az" Online Reabilitasiya və Dərs Platforması

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial sifarişi əsasında “Sağlamlıq imkanları məhdud uşaqların (serebral iflic) sosial-reabilitasiyası ilə bağlı valideynlərin bacarıqlarının artırılması üzrə innovativ təşəbbüslərin həyata keçirilməsi” adlı layihə çərçivəsində www.serebralders.az veb səhifəsi və xüsusi mobil tətbiq hazırlanıb.

Layihənin məqsədi serebral iflic xəstəliyindən əziyyət çəkən uşaqların inkişafının təmin olunması üçün valideynlərin dəstəklənməsi, bacarıqlarının artırılması və bu istiqamətdə elektron resurslardan istifadənin genişləndirilməsidir.

Layihə çərçivəsində nevroloq, pediatr, fizioterapevt, psixoloq, loqoped, özəl pedaqoq və müalicəvi idman müəllimlərinin iştirakı ilə serebral iflic xəstəliyindən əziyyət çəkən uşaqların valideynləri üçün evdə reabilitasiyaya dəstək vermək məqsədi ilə video dərslərin hazırlanması və həmin video dərslər əsasında veb səhifənin və mobil tətbiq yaradılıb.

Layihə vasitəsilə valideynlər uşaqlarının qayğısına qalmaq, onların təhlükəsizliyini təmin etmək və inkişaflarına dəstək olmaq üçün bacarıqlarının artırılmasını nəzərdə tutan video dərsləri izləyə biləcək, həmçinin bu tətbiq vasitəsilə valideynlər qrafik üzrə video dərslərə xatırlatma qoya biləcək, izlədiyi videoları müəyyən edə biləcək və planlaşdırma apara biləcək. Tətbiqdə maarifləndirici materiallar da yerləşdirilir ki, bu da valideynlərə serebral iflic uşaqlarla bağlı resurs mərkəzi funksiyasını yerinə yetirir.

Layihə serebral iflic uşaqların inkişafına dəstək missiyasını həyata keçirmək, valideynlərin bu istiqamətdə bacarıqlarının artırılmasına nail olmağı planlaşdırır. Video dərslər yüngül diaqnoza sahib uşaqların və ya peşəkar reabilitasiyaya dəstək olmaq üçün ev şəraitində valideynlərin fərdi məşğələlər keçirməsini hədəfləyir.

Serebral iflic uşaqların fiziki və zehni inkişafını, onlara qayğını, qulluğu və ilkin yardımı əks etdirən 12 istiqamət üzrə 250 video dərs hazırlanmış və mobil tətbiqə və veb səhifəyə yüklənib. Video dərslərin məzmunu hazırlanan zaman dünya praktikasında qəbul olunmuş tədris proqramı və vəsaitlərindən istifadə olunub.