337
Serebral iflic (Sİ) insanın hərəkət və müvazinətini, duruşunu kontrol etmək qabiliyyətinə təsir edən bir qrup xəstəlikdir. Serebral İflic uşaqlıqda ən çox rast gəlinən motor əlilliyidir. “Serebral” sözü beyinlə əlaqəli olmaq mənasını daşıyır. “İflic” zəiflik və ya əzələ hərəkətlərinin natamam kontrolu ilə bağlı problemlər deməkdir. Serebral İflic əzələləri idarə etmək qabiliyyətini məhdudlaşdıran anormal beyin inkişafının və ya beynin zədələnməsinin nəticəsində yaranır. Anormal inkişafın və ya zədələnmənin çoxsaylı səbəbləri var.
İnsanlar Serebral İflicin əsasən doğuş zamanı oksigen çatışmazlığından yarandığını düşünürdülər. Son elmi araşdırmalar oksigen çatmamazığının yalnız az sayda Serebral İflic hallarına səbəb olduğuna işarə edir.
Serebral İflicə səbəb olan zədə doğuşdan əvvəl, doğuş zamanı və ya doğuşdan sonra beynin hələ tam inkişaf etməmiş müddətində baş verə bilər. Doğuşdan əvvəl və ya doğuş zamanı baş vermiş zədə və ya beynin anormal inkişafı ilə əlaqəli Serebral İflic anadangəlmə Serebral İflic adlanır. 85-90% hallarda Serebral İflic anadangəlmədir və bir çox hallarda konkret səbəb məlum olmaya bilər.
Serebral İflicin kiçik bir faizi beynin doğuşdan 28 gündən çox müddətdə baş verən zədələnmə nəticəsində yaranır. Buna qazanılmış Serebral İflic deyilir. Qazanmış Serebral İflic ağır gedişli infeksion xəstəlik (məsələn, meningit) və ya kəllə-beyin travması nəticəsində yarana bilər.
Serebral İflicin simptomları insandan insana dəyişir. Ağır Serebral İflic olan bir şəxs yeriyə bilmək üçün xüsusi avadanlıqdan istifadə etməli və ya ümumiyyətlə yerimək qabiliyyətindən məhkum olub ömür boyu qayğıya ehtiyacı ola bilər. Yüngül Serebral İflicdən əziyyyət çəkəndə isə yerişində, hərəkətlərində dəyişiklik biruzə verə bilər, əksər hallarda xüsusi qayğıya ehtiyac olmur.
Serebral İflic zamanla adətən pisləşmir, lakin ayrı-ayrı simptomlar bir insanın həyatı boyu dəyişə bilər.
Serebral İflic olan bütün insanların hərəkət və duruş ilə bağlı problemləri var. Bununla yanaşı əqli inkişaf problemləri, epilepsiya (qıcolma), görmə, eşitmə və ya danışma məhdudiyyətləri, onurğada dəyişiklikləri (məsələn, skolioz), və ya digər problemlər (məsələn, kontrakturalar) müşahidə olunur.
Serebral İflic hərəkət pozğunluğunun əsas növünə görə təsnif edilir:
• Gərgin əzələlər (spastiklik)
• İdarə olunmayan hərəkətlər (diskineziya)
• Zəif müvazinət və koordinasiya (ataksiya)
Dörd əsas Serebral İflic forması var:
1. Spastik Serebral İflic
2. Diskinetik Serebral İflic (həmçinin atetoid, xoreoatetoid və distonik serebral iflic formaları)
3. Ataksik Serebral İflic
4. Qarışıq Serebral İflic
Serebral İflicin əlamətləri çox fərqlidir. Buna səbəb zədənin müxtəlif növdə və fərqli beyin səviyyəsində olmasıdır. Bir uşaqda Serebral İflicin yegənə əlaməti hərəkət mərhələlərində gecikmədir (məsələn, ayına uyğun olaraq oturmaq, ayaqda durmaq və ya yerimək kimi). Digər uşaqda hərəki pozuntu ilə yanaşı nitq, görmə və ya eşitmə problemləri də qeyd oluna bilər.
Erkən yaşda Serebral İflic diaqnozunun qoyulması uşaqların və onların ailələrinin həyat keyfiyyəti üçün vacibdir.
Serebral İflici tam sağalda biləcək, beyin zədəsini yox edəcək xüsusi dərman müalicəsi yoxdur, lakin mövcüd olan müalicə üsulları ayrı-ayrı əlamətləri yüngülləşdirir.
Serebral İflic diaqnozu qoyulduqdan sonra, fərqli mütəxəssislədən ibarət olan komanda uşaq və ailə üzvləri ilə birlikdə uşağa tam potensialına çatmasına kömək etmək üçün bir müdaxilə planı tərtib etməlidir. Ümumi müalicə üsullara daxil olanlar: dərman preparatları, cərrahi müdaxilələr, breketlər, ortez və s avadanlıqlar,rehabilirasiya proqramları, psixoloq, xüsusi müəllim və əmək terapiyası.
Müalicə planına qərar verməzdən əvvəl, bütün risklər və faydalar qiymətləndirilməlidir. Müalicə proqramına mümkün qədər erkən başlamaq vacibdir.